Logo

Nəhəng dövlətlərdə baş vermiş enerji QƏZALARI - Azərbaycanın taleyini yaşayanlar...


Elektrik enerjisi ilə təminat gündəlik həyatımızda vacib şərtlərdən biridir. Və bu təminatın anidən kəsilməsi, uzun müddət verilməməsi hər birimizə kifayət qədər ciddi problemlər yaşada bilər. İstər yay olsun, istərsə də qış mövsümü... enerji təminatındakı kəsilmələr insanları maddi ziyana da salır. 

Burada əsas diqqətçəkən məqam həm də elektrik kəsilməsinin hər kəsin qazanc yeri olan iş yerlərinə təsiridir. 

Azərbaycan Respublikası ötən gecə baş vermiş enerji qəzasının şokunu yaşayır. 

Elektrik kəsilmələri dünyanın müxtəlif ölkələrində müxtəlif zamanlarda müşahidə olunub. Bu problem həm qonşu ölkələr, həm də nəhəng dövlətlərdə yaşanır. Belə qəzalara texniki problemlərlə yanaşı, təbii fəlakətlər də səbəb olur.

 TopXeber.Az Modern.az-a istinadla dünyada və qonşu ölkələrdə baş vermiş ən böyük elektrik kəsilmələri hadisələrini araşdırıb.

Dünyanın nəhəng dövlətlərindən olan ABŞ hələ yarandığı dövrdən hər iki səbəblə bu problemlə yaxından tanışdır. İlk belə ciddi problem 1977-ci ildə Nyü-York-da baş verib. Burada elektrik kəsilməsi nəticəsində 9 milyon insan 25 saat işıqsız qalır. Hadisə tarixə “Qorxu gecəsi” kimi düşüb. Bu gecənin belə ad qazanmasına səbəb tək işığın kəsilməsi deyil, bununla müşahidə olunan quldurluq və soyğunçuluq hadisələri olub. Həmin gün 1,5 min mağaza təxminən 100 min nəfər tərəfindən soyulub. Bu soyğunçulardan isə cəmi 3,8 min nəfər tutulub. Müxtəlif hesablamalarda iğtişaşlar nəticəsində dəyən ümumi zərər 300 milyon dollardan 1 milyard dollaradək dəyərləndirilir. Yalnız şəhər hakimiyyəti 9 milyon dollar itirib. 2003-cü ilə kimi bu hadisə dünyada baş vermiş ən böyük enerji qəzası sayılırdı.

14 avqust 2003-cü ildə isə tək ABŞ-a deyil, eyni zamanda Kanadaya da təsirsiz ötüşməyən nəhəng elektrik kəsilməsi hadisəsi baş verib. Belə ki, bu problem ABŞ-ın 8 ştatı və Kanadanın 2 əyalətini işıqsız qoyub. Nəticədə 50 milyon insan işıqsız qalıb. Dəymiş maliyyə zərəri isə 6 milyard dollar civarında dəyərləndirilib. Fəlakətə səbəb enerji şirkətlərinin pis koordinasiyası, köhnəlmiş avadanlıqlar və personalın səhvləri idi. Bu hadisə 1977-ci il rekordunu təzələyərək, tarixə dünyanın ən böyük enerji qəzası kimi “Blekout-2003” adıyla düşüb.

Belə hadisələrin bəlkə də ən nəhəngi dünya əhalisinin kifayət qədər bir bölümünü özündə cəmləyən Hindistanda baş verib. 2012-ci ilin 31 iyulunda Hindistannın şimal və şərqini əhatə edən 19 ştatında elektrik kəsilməsi yaşanıb. Nəticədə bu problem ölkənin 600 milyon vətəndaşına təsir edib. Belə ki, 500-dən çox dəmir yolu qatarının hərəkəti dayanıb, Qərbi Benqaliya ştatında yüzlərlə mədənçi mədənlərdə qapalı yerlərdə qalıb. Dehli şəhər işıqforlarında problemlər yaşanıb, bütün 6 metro xəttində hərəkət dayanıb və insanlar qatarlardan təxliyə edilib.

2011-ci ildə analoji hadisə ABŞ və Meksikaya təsirsiz ötüşmədi. Belə ki, bir işçinin səhvi üzündən Meksikanın 4 şəhəri və ABŞ-ın San-Dieqo şəhəri ilə Los-Ancelesin cənubu işıqsız qalıb. Hadisə nəticəsində 10 milyon insan elektrik enerjisi ilə təmin oluna bilməyib.

2001-ci ilin iyununda isə Nigeriyanın şərqində elektrik sistemlərində qəza baş verib. Nəticədə ölkənin 50 milyonadək vətəndaşı bir neçə gün elektriksiz yaşamalı olub.

2003-cü ilin fevralında bütün Əlcəzair işıqsız qalıb. Ölkənin 32 milyon vətəndaşı bir neçə saatı elektriksiz keçirməyə məcbur olub.

Bu cür hadisələr qonşu ölkələrdən də yan keçməyib. 

1993-cü ilin mayında bütün Gürcüstan işıqsız qalıb. Hadisənin səbəblərini müəyyən etmək mümkün olmayıb. 

2003-cü ilin avqustun 18-də analoji problem üzündən yenə bütün Gürcüstan işıqsız qalıb. Elektrik enerjisi həyati dəstək obyektlərində belə, verilməyib. Metropolitenin işini dayandırması üzündən 10 minlərlə insan vaqonlarda və stansiyalara qalıb.

2005-ci ili mayın 25-də isə Rusiya tarixində ən nəhəng elektrik kəsilməsi hadisəsi baş verib. Qəza Moskva elektrik sistemlərində baş verib. Hadisə nəticəsində nəinki Moskvanın bir neçə nəhəng rayonu, həmçinin Moskva, Tulsk, Kalujsk və Ryazan əyalətlərinin də bir neçə şəhəri iki sutka ərzində elektriksiz qalıb.

2015-ci ilin martın 31-də isə demək olar ki, bütün Türkiyə işıqsız qalıb. “Doğan” agentliyinin məlumatına görə, elektrikin kəsilməsi Van şəhərini çıxmaqla, bütün ölkəyə təsir edib. Bu hadisə Türkiyə tarixində son 15 ildə baş vermiş ən nəhəng elektrik kəsilməsi hadisəsi olub. Həmin gün elektrik yalnız İstanbul və Ankaranın 15%-də olub. 

Qeyd edək ki, hazırda bütün dünyada enerji kəsilmələri də daxil 1,3 milyard insan tamamilə elektriksiz yaşayır. Dünya üzrə elektriksiz yaşayanların 95 faizi Afrikanın payına düşür. Onlar hələ də kerosin və digər bu kimi vasitələrdən asılı vəziyyətdədirlər.