Logo

Məhkəmədə Arif Alışanovun ifadəsi elan olundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 TopXeber.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Alışanovun məhkəməyə teleqramı daxil olduğu bildirilib.

AZTV sədri məhkəmədə iştirak edə bilməyəcəyini deyərək yazılı ifadəsini məhkəməyə göndərdiyini qeyd edib.

Ş.Əkbərov və vəkili buna etiraz edib, A.Alışanovun özünün məhkəmədə dindirilməsini istəyiblər.

Daha sonra A.Alışanovun qızı Nigar Alışanovanın ifadəsi elan olunub. O, ifadəsində qeyd edib ki, atası ilə Şamaxı rayonuna gedib, Ş.Əsgərov və üzünü görmədiyi şəxsləri görüb: "Sonra Bakıya qayıtdıq, mənə məlum oldu ki, Şücayət Əkbərov atamın pullarını mənimsəyib".

Məhkəmədə A.Alışanovun da ifadəsi elan edilib. 

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsinin zəruri olması ilə bağlı göstərişlərindən sonra 2012-ci ildə mən, qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım Etibar, Natiq Bağırovları da Şamaxı rayonunun ərazisində vətəndaşlardan pay torpaq sahələrinin alınmasına və kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib Şüyayət Əkbərovdan torpaqların yerli sakinlərdən satın alınmasında mənə köməklik etməsini xahiş etdim. Qeyd edim ki, 2012-ci ildən başlayaraq 2016-cı ilədək mənim təşəbbüsüm ilə qardaşım Habil, yeznəm Vidadi, qaynım Etibar, qaynım Natiq və mən ortaya pul qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik və torpaqların alınması ilə bağlı Şücayət Əkbərova müraciət etmişdim. Mənim Şücayət Əkbərov vasitəsi ilə vətəndaşlardan pay torpaq sahələrini almağımın əsas səbəbi ondan ibarət idi ki, Şüyayət yerli sakin kimi kənd camaatı ilə tez dil tapıb, həmin sahələri ala bilirdi. Qeyd olunan torpaq sahələrinin sahibləri ilə kənardan gəlmiş hər hansı bir şəxs danışıq aparsaydı torpaqların alınmasına nail ola bilməzdi. Həmin vaxtlardan çox saylı torpaq sahələri mənə göstərilmiş və müxtəlif vaxtlarda, müxtəlif şəxslərin yanında Şücayət Əkbərova göstərdiyi torpaqların yerli sakinlərdən alınması üçün külli miqdarda pul vəsaitləri vermişdim.

2016-cı ilin dekabr, 2017-ci ilin yanvar aylarında mən təxminən 4-5 dəfə Şamaxı rayonuna getmişəm. Biz Şücayətlə danışmışdıq ki, sürücüm Hacı Babayevin adına pulunu verib, aldığım torpaq sahəsi rəsmiləşdirmək üçün yaxın günlərdə biz Şamaxıya gedəcəyik. 2016-cı ilin dekabr ayının 13-də mən qızım Nigarla birlikdə sürücüm Hacının idarə etdiyi "Toyota Land Cruiser 100" markalı avtomaşınla günorta saatlarında Şamaxıya yollandıq. Təxminən saat 16:00 radələrində Şamaxıya çatmağa az qalmış biz Şücayətə zəng edərək artıq yolda olduğumuzu bildirdikdə o dedi ki, "Siz gedin Mədrəsədəki evə mən türklərlə torpaq alqı-satqısı ilə görüşdəyəm, birazdan gəlirəm".

Adətən Şücayət bizi yolda qarşılayıb evə gətirirdi, lakin mən fikirləşdim ki, ola bilsin ki, işi var. Biz Şamaxı şəhərini keçib, Mədrəsə qəsəbəsinə qalxdıq. Şücayətin evinə çatanda biz maşınla açıq qaraja daxil olduq. Birinci qızım maşından düşüb ikinci mərtəbədə yerləşən evə qalxdı. Bundan sonra mən maşından çıxıb qarajdan həyətyanı sahəyə çıxanda oradakı pilləkənin yanında iki nəfər tanımadığım şəxsin durmasını gördüm və salamlaşaraq pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxdım. Həmin tanımadığım iki nəfər kişi yan-yana qarajın içinə baxan pəncərənin ağzındakı qırmızı rəngli qaz balonunun yanında durmuşlar. Onların hər ikisini mən ilk dəfə idi ki, Şücayət Əkbərovun həyətində görürdüm. Adətən biz gələndə bizə qonşuluqda yaşayan, milliyətcə türk olmaqla qəsəbədə məskunlaşmış, Əhməd və onun ailə üzvləri və ya Şücayətin sürücüsü, başı aşağı olan Aqşın adlı şəxs xidmət edirdilər. Elə bu vaxt Şücayət gəlib bizimlə görüşəndə sürücüm Hacı ondan həmin şəxslərin kim olmasını soruşduqda sonuncu dəqiqləşdirməyərək onların usta olmalarını bildirdi. Bir qədər sonra sürücüm Hacı ilə Şücayət Şamaxı şəhərində fəaliyyət göstərən notariat kontoruna Mədrəsə qəsəbəsində güya türklərdən aldığı torpaqları Hacı Babayevin adına rəsmiləşdirmək üçün gedəndə Hacı Şücayətin avtomaşınında getmək istədi, lakin sonuncu Hacıya öz avtomaşını ilə notariat kontoruna getməsini deyərək ustaları yolda düşürtdükdən sonra notariusa gələcəyini bildirdi. Bundan sonra Hacı və Şücayət hərəsi öz idarə etdikləri avtomaşınlarına əyləşdirib çıxıb getdilər. Mən bunu Hacıdan sonradan eşidib, bilmişəm. Bir müddətdən sonra Şücayətin sürücüsü Aqşin gəlib bizə çay verdi. Təxminən bir saatdan sonra sürücüm Hacı ilə Şücayət qayıtdılar və sonuncu növbəti dəfə torpaq sahəsi sahibinin Şamaxıda olmamasını bəhanə gətirərək sənədləşməni həyata keçirilməsinin bu gün də mümkünsüz olduğunu, gələn dəfə mütləq bu işi bitirəcəyini bildirdi.

Bu hadisədən bir neçə gün sonra mən Şücayətlə danışıb, yenidən Şamaxı rayonu Çuxuryurd kəndindəki «Dörd yol» deyilən Qaleybuğurd kəndinin döngəsində onunla görüşəcəyimi razılaşdırdım. 28 dekabr 2016-cı il tarixdə mən Şücayətlə danışdığımız kimi bacım oğlu Dəyanət Cəfərov və sürücüm Hacı Babayevlə birlikdə «Toyota Land Cruiser» markalı avtomaşınla Şamaxı rayonuna gəldim. Biz Şamaxı rayonu Çuxuryurd kəndindəki «Dörd yol» deyilən Qaleybuğurd kəndinin döngəsinə təxminən 15 dəqiqə çatmamış saat təxminən 13:15-də sürücüm Hacı Babayev istifadəsində olan mobil telefonu ilə Şücayət Əbərovun istifadəsində olan telefon nömrəsinə zəng edərək təxminən 20 dəqiqəyə çatacağımızı bildirdi. Təxminən 10 dəqiqə keçmiş, yəni saat təxminən 13:30-da biz artıq Şamaxı şəhərini keçib, Çuxuryurd kəndi istiqamətində qalxanda Hacı bir daha Şücayətə zəng edərək bir neçə dəqiqəyə çatacağımızı bildirdi və sonuncu bizi danışdığımız yerdə gözlədiyini dedi. Biz Şamaxı rayonu Çuxuryurd kəndindəki «Dörd yol» deyilən Qaleybuğurd kəndinin döngəsinə çatanda Şücayətin orada idarə etdiyi «NİVA» markalı avtomaşını ilə durduğunu gördük. Biz maşından düşüb Şücayətlə görüşdükdən sonra mən hiss etdim ki, Şücayət mənim tək olmamağıma əsəbiləşir və hesab etdim ki, sonuncu məni qohumlarıma qısqandığı üçün Dəyanətin mənimlə olmağıma belə reaksiya verir. Ona görə də mən Şücayət Əkbərov idarə etdiyi VAZ 2121 «NİVA» markalı avtomaşının qabaq sərnişin yerinə əyləşdim və biz Şamaxı şəhəri istiqamətində maşınla düşməyə başladıq. Həmin vaxt sürücüm Hacı Babayev isə idarə etdiyi avtomaşınla bacım oğlu Dəyanətlə dirlikdə bizim arxamızca avtomaşınında hərəkət edirdi. Şücayət idarə etdiyi «NİVA» markalı avtomaşını aşağı surətlə sürürdü. Birdən mən arxadan maşınların biri-birinə dəyməsi səsini eşitdim və arxaya çönüb gördüm ki, ağ rəngli, nömrə nişanlarını xatırlamadığım «NİVA» markalı avtomaşın sürücüm Hacı idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomaşınla toqquşub yolun kənarına aşıbdır, Hacı isə idarə etdiyi avtomaşını yolun kənarına verib saxlayıbdır. Şücayət maşını saxladı və biz çönüb yol nəqliyyat hadisəsi baş verdiyi yerə qayıtdıq. Mən gördüm ki, Hacı idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomaşının sağ tərəfin qapılarının ikisi və arxa bamperi əzilib, «Niva» avtomaşınının isə qabaq sağ qanadı, damı, qabaq buferi əzilibdir. Biz köməkləşib, aşaraq əzilmiş «NİVA» markalı avtomaşından onu idarə edən şəxsi çıxardıq. Dəyanət qəzaya düşmüş şəxsdən sərxoş olub-olmamasını, nə üçün qəza törətdiyini soruşdu. Həmin aşmış «NİVA» avtomaşınının sürücüsü, sonradan adını bildiyim Zöhrab Şirinov başını aşağı saldı. Həmin vaxt Şücayət ona baxaraq dedi ki, «…Mən səni haradansa tanıyıram. Sən usta işləmirsən ki?» Həmin şəxs usta işləməsini təsdiq etdi və idarəetməni itirdiyi üçün «Toyota Land Cruiser» markalı avtomaşınımıza dəydiyini, ayağı əzildiyini bildirdi. Həmin vaxt mən aşmış avtomaşının sürücüsü Zöhrab Şirinovdan şübhələnmədim və biz Şücayətlə sonuncunun idarə etdiyi avtomaşınında həmin qəzaya düşmüş şəxsi Şamaxı xəstaxanasına gətirib düşürdükdən sonra çıxıb Mədrəsə qəsəbəsinə getdik. Yolda Şücayət mənə deyirdi ki, həmin şəxs usta işləyir, yəqin işdən sonra hansısa müştərini ünvanına apardığı üçün yuxusuz qalıb qəza törədibdir. Həmin vaxt mən heç şübhələnmədim ki, Şücayət Əkbərovla Zöhrab Şirinov belə yaxından tanışdırlar və sonuncuya bizi öldürmək sifarişini məhz Şücayət Əkbərov vermişdir. Həmin gün, yəni 28 dekabr 2016-cı il tarixdə biz Bakı şəhərinə qayıdanda yolda bacım oğlu Dəyanət Cəfərov mənə dedi ki, bizim maşını həmin «Niva» markalı avtomaşın qəsdən vurmuşdur, lakin mən Dəyanətin bu sözlərinə həmin vaxt əhəmiyyət vermədim.

Qeyd olunanlarla yanaşı Şücayət Əkbərov mənə son vaxtlar, yəni 2016-cı ilin dekabr ayından başlayaraq deyirdi ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu mənə göstərmək istəyir və təsvir etdiyinə görə həmin su hovuzuna gedib baxıb onu almalıyıq ki, suvarma işlərimizdə gələcəkdə problem olmasın. Həmin vaxt mən Şücayətin bu təklifini normal və təbii qarşılayırdım. İndi mən fikirləşirəm ki, Şücayət məni həmin çölün düzündə olan sahəyə aparmaq istəyib ki, məni qətlə yetirilməyimi rahat həyata keçirə bilsin.

11 yanvar 2017-ci il tarixdə saat təxminən 10 radələrində mən sürücüm Hacı Babayevə dedim ki, Şücayət Əkbərovla telefon əlaqəsi saxlayaraq nahardan sonra Hacı ilə notariat kontoruna getmək üçün Şamaxı rayonuna gələcəyimizi Şücayətə bildirsin. 11.01.2017-ci il tarixdə sürücüm Hacı saat təxminən 12 radələrində Şücayətlə danışıb gəlməyimiz barədə ona dediyini mənə bildirdi və həmin gün nahardan sonra mən bacım oğlu Dəyanət Cəfərovla birlikdə Hacı idarə etdiyi "Toyota Land Cruiser”" markalı avtomaşında Şamaxı rayonuna yollandıq. Yolda Hacı bir neçə dəfə də telefonla Şücayətlə əlaqə saxladı və biz razılaşdığımız kimi Şücayətin Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evinə gəldik. Yolda gələndə mən Dəyanətə danışdım ki, bu gün Şücayət aparıb bizə Şamaxı rayonu, Mədrəsə qəsəbəsinin yaxınlığındakı hansısa suvarmaq üçün nəzərdə tutulmuş hovuzu göstərməlidir. Biz Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə çatanda Şücayət evində özü bizim qarşılayıb yeməyimizi və çayımızı verdi və elə alındı ki, biz axşam qaranlığına kimi Şücayətin Mədrəsə qəsəbəsindəki evində olduq və həmin gün hovuza gedib baxası olmadıq. Həmin gün də Şücayət Əkbərov Hacı Babayevlə birlikdə Şamaxıda fəaliyyət göstərən notariusa türklərdən alınan torpaqları Hacının adına keçirməklə bağlı getmiş və bir daha Şücayət notariusdan qayıdanda torpaq sahiblərindən kimi isə tapa bilmədiyi üçün əməliyyatın sonraya qalmasını bildirmişdir. Saat təxminən 20-21:00 radələrində artıq qaranlıq düşəndən sonra biz Bakı şəhərinə getdik. Həmin vaxt Bakı şəhərinə çıxanda biz Mədrəsə qəsəbəsinin yanındakı gölün yanında YPX patrul avtomaşınını sayrışan işıqlarla hərəkət etməsini gördük və mən buna çox təcübləndim, ona görə ki, adətən YPX-nin avtomaşınları kəndlərdə deyil, əsasən magistral yolda xidmət aparırdılar. Bakı şəhərinə gedəndə də yolda təxminən 5-6 yerdə YPX avtomaşınlarının sayrışan işıqlarla bizə yaxın ərazidə hərəkət etmələrini gördük. Saat təxminən 01 radələrində Şücayət mənim telefonuma zəng edərək necə çatdığımızı soruşduqda mən normal çatdığımızı ona bildirdim və yaxın günlərdə gələcəyimi ona dedim.

Mənim tapşırığımla 14.01.2017-ci il tarixdə saat təxminən 12 radələrində bacım oğlu Dəyanət Şücayət Əkbərovun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək birazdan Bakıdan çıxıb Şamaxıya gələcəyimizi ona bildirmiş və Şücayət bizi Şamaxıda gözləcəyini demişdir. Həmin gün Şamaxıya getməyimizin səbəbi Şücayətin pulunu verdiyim torpaq sahələrindən sürücüm Hacı Babayevin adına alqı-satqı ilə rəsmiləşdirməsi olmuşdur və bununla bağlı Şücayətlə əvvəl danışmışdıq. Həmin gün günortadan sonra biz Şamaxıya çıxanda saat təxminən 13:30 radələrində Şücayət sürücüm Hacının telefonuna zəng edib danışdı və biz Şamaxı istiqamətində yolumuza davam etdik. Saat təxminən 15 :00 radələrində biz Şamaxı rayonuna çatanda Hacı və Dəyanət mobil telefonları ilə Şücayətin bir neçə mobil telefon nömrəsinə zəng etmələrinə baxmayaraq telefona heç kəs çavab vermədi. Biz Şamaxı şəhərinə çatıb bir neçə dəfə də Şücayətə zəng etməyimizə baxmayaraq onun telefonu açmadığını görüb Hacı istifadəsində olan mobil telefon nömrəsi ilə Şücayətin sürücüsü Aqşın Hüseynovun bilmədiyim telefon nömrəsinə zəng edib Şücayətin harada olmasını soruşduqda o, bildirdi ki, polis əməkdaşları Şücayəti tutublar və hazırda onu Mədrəsə qəsəbəsindəki evinə aparırlar. Mən Şücayətin nəyəsə görə polis tərəfindən tutulduğunu eşidəndən sonra biz çıxıb Bakıya qayıtdıq.

Sonradan mənə məlum oldu ki, Şücayət Əkbərov məni və mənimlə olan şəxsləri qızımı və bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istəmişdir. Şücayət Əkbərovun məni qətlə yetirilməsi üçün kimlərləsə əlaqəyə girib məni öldürmək istəyinin məqsədi onun məndən götürdüyü külli miqdarda pulları mənimsəmək niyətinin olması idi".

Məhkəmənin növbəti iclası iyulun 6-nə təyin edilib.