Logo

Sirr açıldı: Alov Qüllələrində "erməni bayrağı?"


Ötən gün Bakıda işığın verilməsində yaranmış fasilə və xətlərdəki gərginlik paytaxtın bəzəyi Alov Qüllələrinə də sirayət edib.

TopXeber.Az xəbər verir ki, qüllələrdən birində texniki nasazlıq səbəbindən yaranmış görüntü sosial şəbəkələrdə heç bir əsası olmayan müzakirələrə yol açıb. Bəzi sosial şəbəkə istifadəçiləri nasazlıq ucbatından yaranmış görüntünün Ermənistan bayrağı olduğunu iddia edərək, bunu düşmən ölkənin təxribatı kimi təqdim etməyə çalışıb.

Lakin qısa müddətdən sonra bu iddianın əsassız, absurd olduğu sübuta yetirilib. Belə ki, Alov Qüllələrinin həmin vaxt çəkilmiş videosundan görünür ki, qüllənin ortasındakı göy zolaqlar görüntü dəyişəndən sonra da olduğu kimi qalır. Yəni qüllədə Azərbaycan bayrağı yelləyən siluet əks olunanda da həmin göy zolaq olduğu yerdə qalır. Bu isə sözügedən göy zolağın sırf texniki nasazlıq səbəbindən yarandığı, meydana çıxan və erməni bayrağına oxşadılan görüntünün də adi bir təsadüf olduğunu təsdiqləyir.

Digər tərəfdən, sözügedən "bayrağ”ın qüllənin sadəcə birində əks olunması bunun təsadüf olmasına heç bir şübhə yeri qoymur.
Təəssüf ki, bəzi vətəndaşlarımız bu mümkün təsadüfü düşmən ölkəyə sərf edəcək prizmadan tirajlayıblar və onların yol verdiyi bu xəta artıq erməni mediasında tirajlanmaqdadır.
"Fairmont Baku Flame Towers” məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcəyini bildirib.Kult.az