Logo

"Atası həbsxanadan zəng etdi ki, 8 yaşlı qızıma döymə et"- TÜKÜRPƏDƏN AÇIQLAMA


Tatunun tarixi qədimdir. Bəzi mənbələrdə tatunun yüngül həyat tərzi keçirən qadınların tanınması kimi istifadə etdiyi göstərilir. Digər mənbələrdə isə yalnız aktyor və aktrisaların bunu etdiyi deyilir.

Əvvəllər Azərbaycanda tatusu olan şəxslərə birmənalı yanaşılmırdı, indi isə yanaşma fərqlidir. Hazırda gənclərin tatuya böyük marağı var. İnsanlar tatudan hər hansı bir xəstəliyə yoluxacaqları üçün qorxurdularsa, indi bu qorxu demək olar ki, yox olub.

TopXeber.Az –ın bu dəfəki müsahibi tatu ustası Vaga Zeynalovladır:

-Tatudan istifadə edənlər hansısa xəstəliyə yoluxa bilərlərmi?

-Tatunu vurmağa başlayarkən birinci dərinin üstü tüklərdən təmizlənir. Bunun üçün iki aparatdan istifadə edirəm. Çünki tüklər tam təmizlənməlidir. Əks halda, infeksiya keçə bilər. Sonra dəri spirtlə silinir. İstifadə etdiyimiz aparatın iynəsi də bir dəfəlik istifadə üçündür. Tatunun rəngləri üçün qablardan istifadə olunur. Bu qablar da bir dəfəlik istifadə üçündür. Çünki iynə dəriyə girir və biz onu qabdakı rəngə vurduğumuz üçün ikinci müştəridə bunu istifadə etsək onun üçün problem yarana bilər. Hər gün iş bitdikdən sonra avadanlıqları stelizə aparatına yerləşdiririk, səhər işə gələndə götürürük. Buna görə də bizdə heç bir xəstəliyə yoluxma ola bilməz.

-Tatuya nə vaxtdan həvəsiniz yaranıb?

-Deməli, 4-cü sinifdə oxuyurdum, 11-ci sinifdə oxuyan bir oğlanda tatu görmüşdüm. Gedib soruşmuşdum ki, - “o nədir?”. Mənə kobud şəkildə “Tatoo” dedi. Mən də başladım bunun haqqında maraqlanmağa. O dövrdə internet çox yayılmamışdı deyə internet klublara gedib, - “tatoo nədir?, Bakıda tatoo vuran varmı”, - deyə axtarırdım. Heç kimi tapmadım. Elə ilk tatumu da 4-cü sinifdə oxuyanda vurdurmuşam, məktəbdə bizdən böyük sinifdə bir oğlan oxuyurdu, o vurub.  Çox köhnəlib, amma xatirəsi var deyə yenidən üstündə işləmirəm. İkinci tatum isə 6 -cı sinifdə oxuyanda olub.

-Bu yaşda tatu etməyinizə valideynləriniz nəcə reaksiya verdi?

-İlk tatum qarnımdadır deyə gizlədə bildim, görmədilər. Amma ikinci qolumda idi. Anam soruşanda deyirdim markerlə çəkmişəm, sonra dedim bu 1 həftə qalacaq. Hər dəfə niyə silinmədiyini soruşanda təzədən rənglədim. Bir dəfə dedi gəl bura, siləcəm indi onu mən. Spirtlə nə qədər sildi, getmədi. Dedim ki, ana bu su keçirmir, inandı. Sonra məhəllədə bəzi dostlarım bildi ki, qolumdakı tatudur, sonra onların anaları və sonda mənim anam bildi. 

-Tatu etməyi kimdən öyrənmisiniz?

-Mən Rəssamlıq Akademiyasını bitirmişəm. Akademiyanı bitirdikdən sonra dostlarımla birgə Ukranyaya dincəlməyə getmişdik . O vaxtlar Bakıda tanınmış tatu ustası yox idi. Dedim, bura gəlmişkən bir dənə də tatu vurdurum. Bir tatu ustası tapdım . Yaşlı kişi idi. Mənim tatumu vurdu. İş elə gətirdi ki, söhbətimiz tutdu onunla. Bir həftə onun yanında qaldım. Mən eskizlər çəkirdim, o tatunu işləyirdi. Bir həftə sonra dostlarım dedi ki, vaxt tamamdır, getməliyik. Həmin usta dedi ki, sən getmə, qal, nə problem olsa mən həll edəcəm. Mən də getmədim. Bir müddət birlikdə işlədik, elə oldu ki, orda elə azərbaycanlılarla mübahisəmiz düşdü, gecə ilə deport etdilər bizi Ukranyadan. Amma həmin adamla hələ də əlaqəm var. Mənim avadanlıqlarımı, rənglərimi o göndərir.

-Bu işdə yaş məhdudiyyəti varmı?

-Bəzən yanıma uşaqlar gəlir, görünüşündən hiss olunur ki, yaşı azdır. Birinci yaşını soruşuram, bəziləri yaşını gizlədir. Elə olanda şəxsiyyət vəsiqəsi istəyirəm. Bəzən də yaşlarını gizlətmirlər, valideynlərindən icazə aldıqlarını deyirlər. Belə hallarda valideyninin nömrəsini istəyib zəng edirəm, soruşuram. Razılıq verirlərsə vururam. Bir dəfə 12 yaşlı uşaq gəlmişdi, dedim, - “valideynin bilirmi?”. Bildiyini, icazə verdiklərini dedi. Zəng etdim, valideyni, - “nə istəyir”, - et dedi. Bu yaşda uşağa tatu vurdurmağa icazə verdikləri üçün əslində təəccübləndim. Çünki, böyüyəndə buna görə peşman ola bilər. Mən 18 yaşımda etdiyim tatuya görə 22 yaşımda peşman olmuşdum.

-Ən aşağı neçə yaşlı birinə tatu etmisiniz?

-Bir dəfə 50-60 yaşlarında bir qadın gəldi, yanında da nəvəsi vardı. Birinci fikirləşdim ki, özü üçün gəlib. Çünki, bizə yaşlı qadınlar da müraciət edir qaş tatusu üçün. Bir az söhbətdən sonra başa düşdüm ki, yanındaki uşaq üçün tatu istəyir. 8 yaşlı qız uşağı idi. Birinci narazılıq etdim, sonra dedi ki, bir zəng gələcək sənə. Zəng gəldi, qızın atası idi. Mənə dedi ki, mən həbsdəyəm və ömürlük həbs cəzası almışam. Bir neçə müddətə mən intihar edəcəm, istəmirəm ki, mənim qızım böyüyəndə atasını unutsun. Anası, ya da başqa biri ona məni unutdursun. Məcbur razılaşıb etdim tatunu. 


 -8 yaşlı uşaq üçün zərərli deyilmi bu?

-Heç bir zərəri yoxdur.   

 -Bəs, uşaq tatunun ağrısına dözə bildimi?

-İnanmazsınız, uşağın səsi çıxmadı, hətta gülürdü. Xanımlar oğlanlardan daha dözümlü olur. Heç bir problem çıxartmırlar. Bura bəzən idmançı oğlanlar gəlir, tatu bitənə qədər ağrıdan oyun çıxardırlar, dözümsüz olurlar.

-Daha çox qızlar gəlir, ya oğlanlar?

-Ən çox qızlar gəlir. Qızlar ayaqlarına yazılar, gül və ya naxışlar istəyirlər. Bəzən gəlir sevgilisinin adını yazdırmağa. 2 ay sonra gəlib onu sildirirlər ki, yeni bir şey etdirsinlər. Onun görünməməsi üçün təkrar üstündən başqa tatu edirlər. Bir xanım var, 3 dəfə fərqli-fərqli adlar yazdırıb, sonra gizlətmək üçün üstünə yeni tatu vurdurub. Bu yaxınlarda təkrar gəlmişdi, dedim işim var, bir-iki günə gələrsiniz. Sonra da hər yerdə blok etdim. Çünki, onun üçün yeni adlar yazmaqdan bezmişəm.

-Evlisiniz, qızların bu qədər müraciət etməyi ailənizdə problem yaratmır ki?

Elə bu yerdə Vaga Zeynalovun həyat yoldaşı suala cavab verdi:

-“Qısqanclıq yaranır bəzən. Çoxu səhər gəlmək üçün axşam mesaj yazır, hərdən xanımlar gələndə mən də gəlirəm”.

-Məna ilə tatu etdirənlər var?

-Çox az hallarda hər hansı məna üçün tatu edirlər. Bura gələn 100 nəfərdən biri məna üçün edir, qalanı isə görüntü üçün.

-Nə tip tatulara daha çox tələb var?

-Oğlanlar daha çox canavar şəkli etdirir, qızlar da ya ad yazdırır, ya da ayaqlarına naxış.

-Ən çox vurduğunuz hansı tatunun mənası maraqlı gəlib?

-Müştərilər var ki, gəlir doğum tarixini və ürək döyüntüsünü etdirir. Bunun mənası  doğulmuşam və hələ də yaşayıram, deməkdir. Bir dəfə bir oğlan gəldi, 1991-2040 yazdırmaq istədiyini dedi. Niyə 2040 yazdırmaq istədiyini soruşdum. Dedi ki, mən bilirəm ki, mən o vaxtdan çox yaşamayacam. 2040-da öləcəyimi hiss edirəm. Fikrindən daşındırmaq istədim ki, edəcək bunu görmək sənə psixoloji təsir, fikrini dəyişmədi. Mən də etdim.

-Bədəninizdə neçə tatu var?

-75-76 tatum var.

-Alnınızdakı tatunun mənası nədir?

-Alnımda, “Ya ne narkaman” yazısı var. Mənası budur ki, “mən narkaman deyiləm”. Çünki, bizim ölkədə çox tatusu olan adama narkaman kimi baxırlar. Elə fikirləşirlər ki, bu adam narkamandır. Hətta yaşadığım məhəlləyə girəndə bəzi valideynlər var ki, mən gələn kimi uşaqlarını yanlarına çağırırlar. Elə düşünürlər ki, onlara zərər verə bilərəm. Bir dəfə məhəllədə bir uşağın velosipedi qırılmışdı, kömək etmək üçün yanına getdim. Birlikdə düzəltdik, uşaq “sağol” deyib gedəndə atası gördü. Başladı qışqırmağa ki, sənə deməmişəm keç bu tərəfə, lazım deyil sənə o velosiped.

-Salonda müştərilər arasında fikir ayrılığı düşürmü?

-Bir dəfə iki oğlan ayrı-ayrı tatular üçün gəlmişdi. Bir-birlərindən nə tatusu etdirəcəklərini soruşurdular. Biri panda, o biri qurd istəyirdi. Aralarında mübahisə düşdü ki, böyük adamsan, panda nədir, filan. Tez müdaxilə etdim ki, sən çölə çıx, dincəl bir az. Buna görə də heç vaxt salonumda belə mübahisələrə yol vermirəm. Tatu ustası olduğum üçün hər cür tatu edən insana hörmətlə yanaşıram, fikirlərinə çox vaxt qarışmıram. Bəzən istədikləri nahiyə haqqında deyirəm ki, həmin nahiyəyə etsək, yaxşı görünməyəcək.

-Keçici tatu var?

-Bir dəfə bir xanım gəldi ki, mən 1 illik tatu edirdim, 2 ildir ki, getmir. Mənə demişdilər ki, filan gün saat 3-də gedəcək. Təəccübləndim ki, hətta saat da demişdilər sizə? Deyir, - “hə”. Baxdım ki, qalıcı tatudur. Keçici tatu olmur, yapışqanla çəkilən şəkil və ya xına olur, o da 10 gündə itir.

-Etdiyiniz tatuya görə problem olubmu?

-Salona bir oğlan gəlmişdi. 17 yaşı var idi. 18 yaşının olmağına günlər qalmışdı .Dedi ki, doğum günümə özüm özümə hədiyyə edirəm bunu. Mən də elə oldu ki, razılaşdım. Sonra atası zəng etdi, gəlmək istədiyini dedi salona. Gəldi, bir az əsəbi idi. Deyirdi ki, xəstəlik keçəcək, filan. Hər şeyi yerli yerində göstərdim ki, bizdə belədir hər şey, yəni təmizdir. Ondan sonra sakitləşdi.

-Başınıza hansı maraqlı hadisələr gəlib?

-Bir gün gecə saat iki idi, evə getməyə hazırlaşırdım. Zəng gəldi ki, bəs sabah səhər 6-a İstanbula biletim var, gəlsəm tatu edərsiniz? Dedim, - “yox, ancaq səhər gələ bilərsiniz, çünki çox yorğunam”. Salonu səliqəyə salıb çıxırdım, gördüm qapı açıldı və bir oğlan daxil oldu. Dedi ki, bəs mən bayaqkı oğlanam. Məcbur dedim ki, edərəm tatu. Necə bir şey istədiyini soruşdum. Mənə cavabda 20 manatlıq bir şey et dedi. Dedim mümkün deyil, bizdə bu qiymətə tatu yoxdur. Bir az mübahisə etdik, sonra getdi. Səhər yenə zəng edib ki, mən dünənki oğlanam, gəlmək istəyirəm. Dedim bilmirəm kimsiniz, ancaq gəlin. Gəlib dedi ki, mən biletimi sən tatu edəsən deyə ləğv etmişəm. 15 manat da üstünə qoyuram pulun, 35 manata bir şey vur. Təəccübləndim ki, bileti ləğv edən adam 35 manata tatu istəyir məndən.

Nigar Cəfər