Logo

Havaların bu qədər isti olmasının səbəbi bilindi


Azərbaycanda 1 iyul tarixində son 120 ilin ən yüksək temperatur göstəricisi qeydə alınıb: 44 dərəcə.

Bundan əlavə artıq 1 həftədir ki, anomal istilər müşahidə olunur, temperatur 42 dərəcədə qalır.

Bu cür mövsüm normasının üzərində, qızmar hava təkcə Azərbaycanda deyil, bütün dünya üzrə hiss edilir.

Tarixin ən isti gecə temperaturu 45 dərəcə ilə Omanda qeydə alınıb. Oman gündüz vaxtı da planetin ən qaynar nöqtəsi olub: 50 dərəcə. Həmçinin, Pakistan əhalisi də 50 dərəcə istiyə dözməli olub.

Ermənistanın paytaxtı İrəvanda da temperatur 42 dərəcədən aşağı düşməyib. Soyuq iqlimi ilə tanınan və hazırda Dünya çempionatına ev sahibliyi edən Rusiyada da hava mövsüm normasının çox üstündədir. ABŞ-ın paytaxtı Vaşinqton ilk dəfədir ki, 41 dərəcə hava ilə qarşılaşır. Fransanın 21 şəhərində yüksək temperatur barədə xəbərdarlıq edilib.

Bəs planetimizə nə olub? Dünyanın hər bir yanında insanlar nə üçün öyərşmədikləri yüksək hava temperaturu ilə qarşılaşır?

Əslində bu sualların cavabı olduqca sadədir: Qlobal istiləşmə.

Bir neçə il öncə populyarlıq qazanan bu söz əvvəlcə elə də qorxulu gəlmirdi. Hətta bəziləri iqlim dəyişikliklərinin uydurma olduğunu, NASA-nın belə saxta elanlar verdikləri barədə əfsanələrə inanırdı.  Ancaq hər il istiləşmənin təsirini daha çox hiss edirik. Oksford Universitetinin araşdırma qrupu elan edib ki, bu ilin iyun-iyul aylarında aparılan tədqiqatlar göstərir ki, bu gün bizə anomal gələn istilər gələcəkdə övladlarımız üçün adi havaya çevriləcək.

Planeti qorumaq üçün yenilənəbilən enerjidən istifadə mütləqdir. Azərbaycanda elektrik enerjisinin verilməsində yaranan problemlər də alternativ enerjinin labüdlüyünü gündəmə gətirir. Üstəlik Azərbaycanın iqlimi bütün alternativlərin istifadəsinə imkan verir. Ölkəmizdə ilin 264 günü günəşli keçdiyindən, günəş panelləri quraşdırıla bilər. Eyni zamanda həm quruda, həm də dənizdə külək enerji qurğuları istilik elektrik stansiyalarını yükünü xeyli azaldar və təbiətə zərər vermədən, elə təbiətin öz gücünü istifadə etməyimizə şərait yaradar.

2018-ci ilin rəqəmlərinə diqqət yetirsək, ilin əvvəlində qeydə alınan hava temperaturu 1880-ci ilin göstəriciləri ilə müqayisədə 6 dəfə çoxdur. Çox kiçik görünsə belə 100 ildə qlobal temperatur 1.33 dərəcə yüksəlib. Bu çox kiçik görünə bilər, ancaq nəzərə almalıyıq ki, yüksəliş tez bir zamanda – 1970-dən bu yana baş verib. Şimal regionuna daha az qar düşməsi yerli bitki örtüyünə zərər vurub. Həmçinin, bu il Azərbaycanın regionlarına düşən qarın miqdarı az oldu, Bakıya isə ümumiyyətlə qar yağmadı. Qlobal iqlim dəyişikliyi hətta ən kiçik həşəratlara belə təsir edib. Bitkiləri tozlandıran həşəratların sayı 30 faiz azalıb.

İqlim dəyişikliyinə daha da “töhfə” verməmək üçün hər kəs öz evində və iş yerində kiçik qaydalara riayət edə bilər. Qapalı məkanlarda və küçə işıqlarında qənaətcil lampalar işlədilməli, karbon dioksidin miqdarının azaldılması üçün fabriklər havaya buraxılan karbon miqdarını azaltmalıdır. Həmçinin, artıq istifadə edilmiş kağızların yenidən emalı aparılmalı, ən sadə halda isə ən azından istifadə edilməyən elektronik cihazların ştepseli  cərəyandan ayrılmalıdır. Bu gün soyuducunun qapısını bir neçə dəqiqə açıq saxlamağımız belə dolayı yolla təbiətə zərər belə bilir. Gələcək nəsillərin bizim adımıza utanmaması, onlara miras qoyduğumuz təbiətdən zərər görməmələri üçün bu gün ən kiçik nüanslara belə fikir verməyimiz lazımdır.Minval.info