Logo

"Ərəblər ölkəmizə əxlaqsızlıq və iyrənclik etmək üçün gəlirlər" - Şəhər sakinləri narahatdır


 Son dövrlərdə Azərbaycana gələn turitlərin sayı daha da artıb. Gələnlərin əksəriyyətini isə Şərq ölkələrindən gələnlər təşkil edir. Ərəblərin ölkəmizə gəlməsi turizmin inkişafına səbəb olsa da, bəzi insanların narazılığı ilə qarşılanır. Sosial şəbəkələrdə və bir sıra saytlarda ərəblərin şəhəri çirkləndirməsi və asayişi pozması ilə bağlı bir sıra xəbərlər yayılıb. 

Bəs görəsən, şəhər sakinləri ərəblərin ölkəmizə gəlməsini necə qarşılayır?

Rzazadə Hüseyn:

 "Ərəblərin ölkəmizə gəlməsi bir tərəfdən yaxşıdır, digər tərəfdən pis. Yaxşı tərəfi odur ki, ölkəyə valyuta gətirirlər, bu da ölkə büdcəsinə əsaslı təsir edir. Pis tərəfi də odur ki, bəziləri yalnız əxlaqsızlıq məqsədi ilə gəlirlər.  Hədlərini aşdıqları təqdirdə polisimiz var, onlara müraciət etmək ən düzgünüdür".

Vüsalə Paşayeva:

 "Ərəblərin ölkəmizə gəlməyini pis qarşılamıram. Turist kimi gəlirlər. Bəzi axşamlar işdən çıxanda şəhərdə görürəm ki, məhz azərbaycanlı xanımlar ərəblərə pul müqabilində əxlaqsızlıqlar təklif edirlər. Həmin xanımlara demək istəyirəm ki, özümüzü onlara elə tanıtmayaq".

Fikrət Qədimov:

"Ərəblərin gəlməyini yaxşı qarşılayıram. Xoş gəlirlər. Onların gəlməyi bizə pul qazandırır. Bəziləri burda qeyri - etik hərəkətlər edərək öz mədəniyyətlərini göstərirlər sadəcə".


Naibə Ağayarova:

 "Xarici turistdirlər, pis qarşılamıram. Amma bəziləri var ki, şəhərdə bir yerdə rahat oturmağımıza, gəzməyimizə mane olurlar. Bu yaxınlarda başıma bir hadisə gəlmişdi, şəhərdə gəzəndə ərəblərdən biri mənə gül göndərmişdi. Bu pis bir hərəkət deyil, amma məni bu hərəkət narahat etdi".

Səttar Rəhimli:

 "Gəlsinlər, hər nə edirlərsə öz ölkələrinin mədənyyətlərini göstərirlər. Mən özüm restoranların birində ofisant işləyirəm. Ərəblər restorandan gedəndən sonra masaya baxanda bilmək olur ki, burda ərəblər oturub. Çox səliqəsizdirlər və bəzən iyrənclik həddinə gəlib çıxır. Hətta işdə harasa dağınıq olanda bir-birimizlə zarafatlaşırıq ki, burdan ərəb keçib, ona görə dağınıqdır bura".

Sədəf Musayeva:

 "Ərəblərin gəlməyində şikayətlənən insanları anlamıram. Əvvəl şikayət edirdilər ki, ölkəmizə turist gəlmir, indi gəlir, yenə şikayət edirlər. Bir misal var, adın çıxınca canın çıxsın. Ərəblərin də bir-ikisinin hərəkətinə görə hamısının adı pisə çıxıb". 

Əli Əlibəyli:

 "Ərəblərin ölkədən getmələrini istəyirəm, çünki şəhərdə azərbaycanlıdan çox ərəblərə rast gəlirik. Həm də, təmiz deyillər, hətta bəzilərindən dözülməz iy gəlir".

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik.

O bildirib ki, - “Ərəb turistlərin Azərbaycana gəlişinin cəmiyyətə böyük təsiri var. Əhalidə ərəblərlə bağlı yaxşı fikirlər formalaşmır. Əhali ərəbləri natəmiz, çirkli insanlar kimi tanıyır. Bu fikirlərin qarşısını almaq lazımdır. Çünki, biz ölkəmizdə turizmin inkişaf etməyini istəyiriksə, bu inkişafda ərəb turistlərinin də böyük rolu olduğunu bilməliyik. Onlara neqativ fikirlərin formalaşması küçədə pis rəftara gətirib çıxarır. Belə olduqda da ölkəyə turist axını dayanacaq. Bu halların qarşısını almaq üçün ərəbləri ölkəyə gətirən turizm şirkətləri onlarla 20 dəqiqəlik ölkə haqqında söhbət aparmalıdır. Əhalinin natəmizliyi sevmədiyinə, şəhəri və istirahət məkanlarını çirləndirməməli olduqlarını, onlardan öncə gələn şəxslərin etdiklərini və bunun ölkə əhalisinin onlar haqqında olan fikrini yanlış formalaşdırdığını demək lazımdır.  Əhalinin onlara qarşı neqativ fikirlərinə görə ərəblərin ölkəyə gəlişi də azalıb”.

Nigar Cəfər