Logo

Azyaşlıları təcavüzlərdən qorumağın ƏSAS ÜSULU - AÇIQLAMA


Son vaxtlar uşaqlara qarşı cinsi istismarların sayı artıb. Türkiyədəki məlum hadisələr buna ən tutarlı nümunədir. 

Biz uşaqları daha çox qorumalıyıq; göz bəbəklərimiz kimi. Onlar bizim gələcəyimizdir, gələcəyimizin daha parlaq olmasını istəyiriksə, onları qorumaq borcumuzdur. Bu borc məcburiyyət deyil, zərurətdir. 

TopXeber.Az valideynlərdən uşaqlarını necə qoruduqlarını soruşub:
 
Hüseynova Təranə:

 "Mən övladımın məndən uzaqlaşmağına icazə vermirəm. Gündə 2-3 dəfə yad insanla ünsiyyət qurmamasını, yad insanların ona yaxınlaşdığında yanıma qaçmasını və ya məni çağırmasını deyirəm".

Şirinxanım Əlizamanqızı:

"Mənim uşaqlarım balaca olanda hər zaman deyirdim ki, tanımadığınız insanlarla danışmayın. Sizə yaxın gələndə tez ordan uzaqlaşın, sizi nəyəsə məcbur edəndə qışqırın. İndi nəvələrimə də eyni şeyləri deyirəm. Hərçənd gəlinim onları tək harasa getməyə qoymur".

Nüşabə Quliyeva:

 "Nəvələrimə həmişə tanımadığı insanlardan uzaq durmağı deyirəm. Tanıdıqları yerləri belə soruşanda tanımadıqlarını deməyi, hətta cavab verməmələrini deyirəm. Mən nəvələrimin uzaq qohumları ilə belə harasa getməklərinə qarşıyam. Lazım gəlsə ana-atası və ya nənə-babası aparar".

Abdiyeva Gülzalə:

 "Mən övladımla ailəmiz arasına şifrə qoymuşam. Həmin şifrəni mən, atası, qardaşı və özü bilir. Demişəm ki, şifrəni bilməyən heç kəslə danışmaq və ya harasa getmək olmaz".

Əhmədov Gülhəsən:

 "Nəvələrimə həmişə deyirəm ki, tanımadığınız adam sizi çağıranda heç yerə getməyin. Nə soruşsa, deyin bilmirəm, tanımıram. Çox üstünüzə gəlsə ordan qaçın, gəlin yanımıza". 

Mövzu ilə bağlı uşaq psixoloqu Afaq Əmirlinin də fikirlərini öyrəndik.

O bildirdi ki, - "Biz uşaqlara açıq-aydın nədən və kimdən qoruduğumuzu deyə bilmərik. Amma bu mövzuda uşaqlarla danışıq onların lap kiçik yaşlarından aparılmalıdır. Uşaqlara birinci öz hüquqlarını öyrətməliyik ki, sizin "HƏ" demək kimi "YOX" demək də hüququnuz var. Uşaq ailə üzvlərindən və baxça müəllimindən (baxçaya gedirsə ) başqa heç kimin ona toxuna bilməyəcəyini, toxunduğunda "YOX" deməli olduğunu bilməlidir. Bununla bağlı uşaqlarla məşğələ keçirilməlidir ki, hansı hissənizə siz istəmirsizsə, heç kim toxuna bilməz.

 Uşaqları həddindən artıq böyük adam kimi geyindirməyin. Balaca uşaqlara qısa ətək və ya şort geyindirmək normaldır. Amma bunu böyük insanların paltarı kimi geyindirmək düzgün deyil. Düzdür, bunu normal insanlar normal qəbul edir, amma biz psixologiyası normal olmayan adamlar haqqında danışırıqsa valideynlər buna fikir verməlidir".

Nigar Cəfər

TopXeber.Az